Bakının Tbilisi prospektində “Azad olunmuş enerji” abidəsi yerləşir. Memarlıq kompleksi Gürcüstanın Azərbaycana hədiyyəsi olub və açılışı 26 il öncə – 1998-ci ilin mayın 9-da baş tutub.
Mərasimdə Azərbaycan və Gürcüstanın o zamankı dövlət başçıları Heydər Əliyev və Eduard Şevardnadze iştirak ediblər. Ümummilli lider heykəltəraş Giorgi Caparidzenin əsərini dostu E.Şevardnadzenin Azərbaycan xalqına, Bakıya xüsusi hədiyyəsi kimi qəbul etmişdi. O, çıxışında demişdi: “Bu monumental abidə gürcü və Azərbaycan xalqlarının əbədi dostluğunun rəmzidir. Biz bu abidə ilə bu gün bir daha dünyaya nümayiş etdiririk ki, gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan qonşuluq və qardaşlıq böyük sınaqlardan keçərək mətinləşmiş, möhkəmlənmiş, yüksəlmiş, bu gün sarsılmaz və əbədi olmuşdur”.
H.Əliyev E.Şevardnadzeni əmin etmişdir ki, bu monumental abidə daim yaşayacaq: “Bakının abadlaşmış bu gözəl guşəsi bundan sonra daha da yaxşılaşacaq, yaşıllıq, gül-çiçək bu guşəni daha da bəzəyəcəkdir. Bura bakılıların, bütün azərbaycanlıların gözəl ziyarətgahı və eyni zamanda əyləncə yeri olacaqdır”.
Azərbaycan və gürcü xalqlarının dostluq rəmzinin bu gün bərpaya ehtiyacı var. Abidənin üzərindəki lövhələrdən birində mərmər üzlük qopub.
“Azad olunmuş enerji” mütləq yenilənməli və təcəssüm etdirdiyi rəmz haqqında məlumat lövhəsi də vurulmalıdır.