Tar mahnısı – Gürcüstan Xalq şairinin şeiri

Gürcüstan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Giorgi Leonidzenin (1899-1966) əsərləri arasında “Tar mahnısı” adlanan şeir də var. Poeziya nümunəsinin Azərbaycan dilinə tərcüməsi 1988-ci ildə Bakıda nəşr olunmuş “Kür Xəzərə qovuşur” adlı kitabda yer alıb.  

Daha gözlərimə görünmür heç kəs,

Sənə can atıram, mən tay-tuş kimi.

Sənsən ürəyimə nur saçan Günəş,

Sənsizlik üstümü alıb qış kimi.

Həsrətdən, hicrandan həyat yolum da

Daşlı, kəsəklidir bir yoxuş kimi.

***

Fırtına qoynunda, sərt dalğalarda

Ömrü başa vuran bir naxoş kimi,

Qayalı dağların vüsalı ilə

Yurduna qayıdan qızılquş kimi,

Qaranlıq gecədə yolçu azantək

Gəlirəm yanına mən sərxoş kimi.

Şəlalə qoynuna düşən yarpağam,

Eşqin ovsunlayıb lap bihuş kimi!

***

Bəlkə deyəcəksən nahaqdır ümid,

Baxış görməyəcəm o baxış kimi.

Neçin ağac əkmək dəniz qoynunda

O ki, yox olacaq qəlp naxış kimi.

Əzizim, gələrəm, əgər qoymasan,

Keçərəm yanından bir yağış kimi!