Göyçə gölü — Aleksandr Çavçavadzenin şeiri

Aleksandr Çavçavadze (1786-1846) Gürcüstanın ictimai xadimi, romantik şair, Rusiya imperator ordusunun general-leytenantı olub. Onun qələmə aldığı şeirlər arasında indiki Ermənistan, Qərbi Azərbaycan ərazisində yerləşən Göyçə gölünə həsr olunan şeir də var. Eyniadlı şeir 1841-ci ildə yazılıb. Poeziya nümunəsinin dilimizə tərcüməsi “Kür Xəzərə qovuşur” adlı kitabda (Bakı-1988) yer alıb.

Budur Mavi Göyçə gölü, elə bil ki, bir dənizdir,

Dalğaları şəfəq saçır dumduru, göz yaşı kimi.

Gah qəzəbli bir pələngdir, gah da yorğun bir kənizdir,

Dibi necə yamyaşıldır şiş dağların başı kimi…

***

Lakin, sahil, görün, necə başdan-başa süst görkəmli,

Nə zamansa buralarda neçə kənd var, şəhər vardı.

İndi solub gül-çiçəyi, ormanları sakit, qəmli,

Hara baxsan, bomboz səhra, bir də çılpaq qayalardı.

***

Elə bil ki, əbədilik—bir ayılmaz yuxudadır,

Nə dünəndən xəbəri var, nə bu gündən, nə səhərdən.

Gör, təbiət nə xayalda, nə röyada, uyğudadır,

Burda insan ürəyi də qəhərlənir qəm-kədərdən.

***

Dağılıbdır, tar-mardır neçə-neçə abidələr,

Beləymişmi sarayların əvvəl-axır aqibəti?!

Bumu ömrün son qisməti, yoxsa əsil bir gün gələr,

Nə baxırsan yazıq-yazıq, nə süzürsən bu dəhşəti?!

***

Bu xərabə-unudulmuş bir məbəddən qopan daşlar,

Burda bir vaxt dua edib, tövbə deyib necə şahlar.

Burda qulaq batırardı etiraflar, yalvarışlar,

Burda göyə ucalardı gah qəm, sevinc, gah da ahlar…

***

Neçə-neçə abidələr uçub gedib zaman-zaman,

İndi sürü axışmaqda xərabələr kölgəsinə.

İndi burda gecələyir neçə yolçu, neçə karvan,

Günorta da od püskürür göydən Günəş kəlləsinə.

***

Daş binanın yeri olub başdan-başa xarabazar,

Sahibi da adlı-sanlı tacirlərin birisiymiş;

Hanı indi o şöhrəti? Nə adı, nə ünvanı var,

Yəqin o da dövlətliymiş, qızıl, gümüş hərisiymiş.

***

Var-dövləti, şan-şöhrəti hər bir şeydən üstün tutan,

Çox adamlar yurd salıbmış o zamanlar bu yerlərdə.

İndi onlar çoxdan köçmüş əbədilik bu dünyadan,

Nə mülkləri, nə özləri, getdi, geri dönməz bir də.

***

O yanda da köhnə, çınqıl döşəməli bir meydan var,

Orda gənclər at oynadıb, nəmər alıb məhəbbətlə.

Orda cəngi sədasıyla güləş qurub pəhləvanlar,

Orda çoxu nizə tutub, ox atıblar məharətlə.

***

Görün, neçə sığınmışdır bir-birinə sərt qayalar,

Tarixlərin izi vardır onun qoşa qübbəsində.

Yəqin bir vaxt işdən sonra istedadlı qoca memar

Bardaş qurub dincəlirmiş onun sərin kölgəsində.

***

Burda bir vaxt təmtəraqla hakim özü oturardı,

Təkcə onun əlindəydi adamların aqibəti.

Hər bir işdə o əfzəldi, o sahibi-ixtiyardı,

Ya istəsə, məhv edərdi, ya gələrdi mərhəməti.

***

Nə danışsın, nə söyləsin quru səhra, qara torpaq?

Neçələri bədbəxt olub, qətlə çatıb gənc yaşında.

Yer altında qalan qaş-daş, yer üstündə lalə, zanbaq

Şahididir sevincin də, kədərin də, təlaşın da.

***

Yer də dilsiz, göy də dilsiz, heç bir şeyə gəlməz güman,

Ay da görüb seyr eyləyir bu kimsəsiz düzənliyi.

Heç bir kəsə məhəl qoymaz, öz işini görər zaman,

Heyfi gəlməz, birdir ona yerin, göyün gözəlliyi.

Göyçə gölü