Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının (1897-1967) Tbilisidə xatirəsi aktyorun 100 illik yubileyinin qeyd olunduğu 1997-ci ildə əbədiləşdirilib.
Tbilisi şəhər şurasının 6 oktyabr 1997-ci il tarixli 459 saylı sərəncamı ilə Botanika küçəsində İ.İsfahanlının yaşadığı evin fasadına aktyorun xatirə lövhəsi vurulub.
Sərəncamla Krtsanisi rayonundakı Vaxtanq Qorqasali küçəsinin dördüncü döngəsinə İ.İsfahanlının adı verilib.
Azərbaycanlı aktyorun adını daşıyan küçəyə ad bildirən lövhələrin vaxtilə vurulduğu bildirilsə də, bu günə qədər gəlib çıxmayıb. Lövhələrin quraşdırılmasına həmin küçədə yaşayan bəzi sakinlərin etiraz etdiyini söyləyənlər də var.
27 ildir İ.İsfahanlının “adını daşıyan” küçədə hazırda bu adın əks olunduğu yalnız bir – 8 saylı lövhəyə rast gəlinir. Həmin ünvanda hostel fəaliyyət göstərir və lövhə şəxsi təşəbbüslə asılıb.
Küçədə onun keçmiş adını – Qorqasali IV döngə – bildirən köhnəlmiş lövhələri görmək mümkündür.
Qorqasali küçəsi boyu hərəkət edən sərnişin avtobuslarında növbəti dayanacaq kimi İbrahim İsfahanlı küçəsinin adı səsləndirilir. Tbilisinin xəritələrində də həmin küçənin adı İbrahim İsfahanlı göstərilir. Lakin küçənin adı olsa da, lövhələri yoxdur.
Krtsanisi bələdiyyəsində küçələrin mərhələli şəkildə bərpası planı həyata keçirilir. Plana əsasən İ.İsfahanlı küçəsi də təmir-bərpa olunandan sonra aktyorun adı yazılacaq ünvan lövhələri vurulacaq. Bunun həyata keçiriləcəyi konkret vaxt isə bildirilmir.
Qeyd edək ki, İ.İsfahanlı Tbilisidəki Azərbaycan teatrının aparıcı qüvvəsi olub, geniş tamaşaçı auditoriyasına “Böyük dayaq” filmindəki (1962) Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır.